Tibb Universitetinin Tələbələri Diplom Alana Qədər İşləyə Biləcəklər
Tibb Universitetinin tələbələri diplom alana qədər işləyə biləcəklər.
Azərbaycan Tibb Universitetinin yuxarı kurs tələbələri bundan sonra həmin universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsili işçi vəzifələrində işləyə biləcəklər.
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin Səhiyyə Nazirliyinə müraciətinə cavab məktubunda belə bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Səhiyyə Nazirliyi ATU tələbələrinin bu vəzifələrdə işləməsinə icazə verib.

Müalicə profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq tələbələri isə 4-cü kursu bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin klinikalarında və universitetin müalicə müəssisələrində orta tibb təhsilli işçi vəzifələrində (diplomaqədər) işə qəbul oluna bilərlər.
Mənbə: publika.az